Sea Breeze Walk of Fame-də Anar Məmmədxanovun ulduzu açılacaq

15 07.2025

arrow

2025-ci il iyulun 18-də Sea Breeze Walk of Fame Ulduzlar Xiyabanında tanınmış ictimai xadim, millət vəkili, "Bakılı oğlanlar" KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun adını daşıyan ulduzun açılış mərasimi keçiriləcək.

Anar Məmmədxanov — KVN Ali Liqasının 1992-ci il çempionu, 1993-cü il finalçısı, 1995-ci ilin yay kubokunun sahibi və XX əsrin ən yaxşı on komandası arasında keçirilən turnirin (2000) qalibi olub. O, 2002-ci ildə Bakıda keçirilən ilk “Nə? Harada? Nə zaman?” dünya çempionatının təşkilatçılarından biri kimi də çıxış edib. Anar Məmmədxanov həm də bacarıqlı ictimai xadim kimi tanınıb: o, ölkə tarixində ən gənc millət vəkili olaraq üç dəfə Milli Məclisə seçilmiş, müstəqil Day.az internet portalının təsisçisi olmuşdur.

Anarın adını daşıyan ulduz onun ailə üzvləri, dostları və yaxınları tərəfindən açılacaq. Bu mərasim onun parlaq şəxsiyyətinə və əbədi irsinə ehtiramın təcəssümüdür.

Sea Breeze Walk of Fame — Azərbaycanda görkəmli mədəniyyət və incəsənət xadimlərinə həsr olunmuş ilk və yeganə Ulduzlar Xiyabanıdır. Burada artıq Müslüm Maqomayev, David Foster, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov, Vaqif Mustafazadə və digər görkəmli şəxsiyyətlərin adlarını daşıyan 28 ulduz təqdim olunub. Xiyabanın kolleksiyası daim qlobal əhəmiyyətli yeni adlarla zənginləşir.