Sea Breeze-də yaşlı insanlar üçün eksklüziv hotel tipli rezidensiya açılacaq

12 03.2026

arrow

12 mart 2026-cı il tarixində MIPIM 2026 beynəlxalq daşınmaz əmlak sərgisi çərçivəsində, Kann şəhərində Sea Breeze kurort şəhərin təsisçisi Emin Ağalarov, beynəlxalq tibbi klaster Sea Breeze Health Valley-nin baş icraçı direktoru Konstantin Grinfeld və yaşlı insanlar üçün eksklüziv hotel tipli rezidensiyalar şəbəkəsinin aparıcı şirkətlərindən biri olan Mediterranean Towers Assisted Living-in vitse-prezidenti və həmtəsisçisi Boris Levin Sea Breeze ərazisində yaşlı insanlar üçün rezidensiyanın yaradılması barədə saziş imzalayıblar.

Saziş Sea Breeze ərazisində “Yaşlı insanlar üçün eksklüziv hotel tipli ev” layihəsinin birgə həyata keçirilməsini nəzərdə tutur. Yeni kompleks komfortlu yaşayışı, tibbi müşayiəti və rekreasiya məkanlarını birləşdirəcək. Layihənin əsasını Mediterranean Towers Assisted Living şirkətinin yaşlı insanlar üçün müasir yaşayış rezidensiyalarının (senior living / retirement communities) yaradılması və idarə olunması sahəsində 30 ildən artıq təcrübəsi təşkil edir. Bu rezidensiyalar sakinlərinə rahat yaşayış, tibbi dəstək, eləcə də geniş sosial, mədəni və təhsil proqramları təqdim edir.

Layihə Sea Breeze kurort şəhərin və Sea Breeze Health Valley tibbi klasterinin infrastrukturunun inkişafında mühüm addım olacaq və regionda yaşlı insanlar üçün yaşayış və qayğı sahəsində müasir beynəlxalq standartların tətbiqinə töhfə verəcək.