Sea Breeze ilk dəfə MIPIM 2026 sərgisində təqdim olundu

11 03.2026

arrow

Sea Breeze layihəsi ilk dəfə olaraq dünyanın ən böyük daşınmaz əmlak sərgilərindən biri olan MIPIM 2026 beynəlxalq sərgisində təqdim edilib. Sərgi Kann şəhərində keçirilir və hər il dünyanın müxtəlif ölkələrindən aparıcı layihə sahiblərini və daşınmaz əmlak inkişaf şirkətlərini, memarları, investorları və şəhər administrasiyalarının nümayəndələrini bir araya gətirir.

MIPIM-in ilk günündə Sea Breeze stendinin təntənəli açılış mərasimi baş tutub. Mərasimdə RX France şirkətinin idarəedici direktoru Filippo Rean, MIPIM-in direktoru Nikolas Boffi və Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva iştirak ediblər. Açılış mərasimindən sonra layihənin rəsmi təqdimatı keçirilib. Sea Breeze layihəsinin təsisçisi və sahibi Emin Ağalarov Xəzər dənizi sahilində yaradılan kurort şəhərin inkişaf konsepsiyasını təqdim edib və ərazinin uzunmüddətli inkişaf strategiyasından danışıb.

“Devloperlərin əksəriyyəti layihələrə beş-yeddi illik perspektivlə baxır. Sea Breeze üçün isə heç vaxt son xətt olmayıb — bu, bütün ömrümün layihəsidir. Mən onu tez başa çatdırmağa və ya sürətlə monetizasiya etməyə çalışmıram. Son iyirmi ildə əldə olunan bütün gəlirlər yenidən infrastruktura yatırılır — yolların salınmasına, yaşıllaşdırmaya, məktəblərə, tibb müəssisələrinə. Layihə daxilində nə qədər çox infrastruktur və keyfiyyətli mühit yaratsaq, daşınmaz əmlaka tələbat da bir o qədər artır”, — deyə Emin Ağalarov qeyd edib.

Sərginin ilk günündə təqdimatı həmçinin kurort şəhərin baş master-planeri, beynəlxalq memarlıq bürosu Scott Brownrigg-in baş direktoru Darren Komber də həyata keçirib.

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva layihənin ölkənin beynəlxalq imici üçün əhəmiyyətini vurğulayıb: “Bu mərasimdə iştirak etmək mənim üçün böyük şərəfdir. Azərbaycana təqdimat imkanı yaratdıqları üçün Emin Ağalarova, Sea Breeze komandasına və MIPIM təşkilatçılarına minnətdaram. Sea Breeze eyni zamanda Azərbaycanın təqdimatıdır”.

MIPIM 2026 sərgisi martın 13-dək davam edəcək. Həftə ərzində Sea Breeze komandası stenddə investorlar, layihə sahibləri, daşınmaz əmlak inkişaf şirkətləri və memarlıq büroları ilə görüşlər keçirərək layihəni beynəlxalq peşəkar ictimaiyyətə təqdim edir. Sea Breeze stendində ərazinin inkişafının yeni mərhələsinə daxil olan əsas layihələrin — Halfmoon adası və Caspian Dream Liner kompleksinin memarlıq maketləri nümayiş olunur.